Bütün xəbərlər

Şarj başlamırsa nə etməli: tez-tez rast gəlinən vəziyyətlər və həlləri

Şarj başlamır, dayanmır, konnektor çıxmır və ya ödəniş keçmir? Əksər hallarda problemi bir neçə dəqiqəyə özünüz həll edə bilərsiniz.

Aşağıda sürücülərin ən çox qarşılaşdığı vəziyyətlər və onların sadə həlləri toplanıb. Kömək etməsə, müştəri dəstəyi 24/7 işləyir: +994 12 404 23 23.

Şarj başlamır
Bu ardıcıllıqla yoxlayın:

  • Konnektor avtomobilə tam oturub, avtomobil «P» rejimindədir və kilidi açıqdır.
  • Əvvəlcə konnektoru qoşun, sonra məhz həmin konnektorun QR kodunu iVOLT tətbiqində skan edin (telefonun adi kamerası ilə yox).
  • Tətbiqdəki balansda vəsait var.
  • Alınmadısa, konnektoru çıxarın, 10 saniyə gözləyin, yenidən taxın və təkrar cəhd edin.

Şarjı tətbiqdən dayandırmaq alınmır
Şarjı avtomobilin özündən dayandırın: avtomobilin kilidini açın və ekranda şarjı dayandırma düyməsini və ya şarj yuvasının yanındakı düyməni sıxın. 10–20 saniyə gözləyin — konnektorun kilidi açılacaq, tətbiqdəki şarj isə özü bitəcək. Stansiyanın ekranında «Stop» düyməsi varsa, onu da sıxmaq olar. Qırmızı qəza düyməsindən yalnız təhlükə olduqda istifadə edin.

Konnektor avtomobildən çıxmır
Əvvəlcə şarj dayandırılmalı, avtomobilin kilidi isə açılmalıdır. Konnektoru zorla dartmayın. Bir çox avtomobildə multimedia ekranında və ya şarj yuvasının yanında konnektorun kilidini açan düymə var. Kömək etmədisə, dəstəyə zəng edin — operator sizin avtomobil və konnektor növü üçün nə etməli olduğunu deyəcək.

Ödəniş keçmir və ya balans artmır

  • Telefonda internetin işlədiyini yoxlayın və yenidən cəhd edin.
  • Başqa ödəniş üsulunu sınayın: başqa kart, Apple Pay və ya Google Pay.
  • Bank tətbiqində internet ödənişlərinin açıq olduğunu və limitin keçilmədiyini yoxlayın.

Kartdan məbləğ tutulub, balans isə artmayıbsa, dəstəyə ödənişin vaxtını və məbləğini bildirin.

Giriş üçün SMS kodu gəlmir
Nömrənin düzgün yazıldığını və telefonun şəbəkədə olduğunu yoxlayın. 1–2 dəqiqə gözləyib kodu yenidən istəyin. Gəlməsə, telefonu söndürüb yandırın və təkrar cəhd edin.

Stansiya tətbiqdə görünmür
Stansiya tətbiqin siyahısında və xəritədə yoxdursa, o, hazırda işləmir və onda şarj etmək mümkün deyil. Ən yaxın işlək stansiyanı xəritədə seçin:

ivolt.az/stations

Tətbiqdə batareyanın faizi görünmür
Faiz yalnız sürətli (DC) stansiyalarda göstərilir; AC stansiyalarda bu məlumat olmur. DC stansiyada faiz görünmürsə, tətbiqi yeniləyin.